Geriyə Mündəricat Növbət

«Dünya əbədi evi olmayanların evidir, həqiqi sərmayəsi olmayanların malıdır; əqlsizlərdən başqası dünyada bina tikməz, ona ürək bağlamaz.» (Axirəti unudaraq əbədi şəkildə dünyada qalmaq niyyətilə bina salanalar red.)

Əzəmətli peyğəmbərlər dünyaya tamah salmaqdan çox-çox uzaqdırlar. Amma xums və zəkat məsələsinə gəldikdə isə, qeyd etmək lazımdır ki, bunlar bütün dinlərdə vacib olmuşdur. Amma peyğəmbərlərə heç bir dəxaləti yoxdur. Çünki, zəkat və xums, ümumiyyətlə, fəqirlər üçün olub onlara xərclənir. Peyğəmbər övladlarına isə zəkat haramdır. Zəkatın özü isə malın pak olmasına səbəbdir. Həzrət Zəhra əleyha salam «Fədək» xütbəsində buyurur:

«Allah-Taala zəkatı malın artıb inkişaf etməsi üçün qərar vermişdir.»

Digər tərəfdən isə, məgər zəkatın miqdarı nə qədərdir ki? Qızıl və gümüşün zəkatı sikkəli olan halda qırxdan birdir, belə ki, əgər bir kəsin qırx misqal qızılı olsa, onun bir misqalı zəkatdır. Taxılın zəkatı iyirmidə bir; əgər yağış suyu ilə suvarılsa, onda birdir. Xumsa gəldikdə isə, əgər illik xərclərdən bir şey artıq qalarsa, onun beşdən biri Həzrət Zəhra əleyha salam-ın övladlarına verilir. İl boyu da xərclənənlərin xumsu yoxdur.

XUMS ÖZÜ DƏ BİZİM XEYRİMİZƏDİR

«Biharül-ənvar» kitabının 11-ci cildində İmam Sadiq əleyhis-salamın kəramətli işlərindən biri qeyd olunmuşdur. Şiələrdən biri bir qədər malı xums kimi İmamın hüzuruna gətirdi. öz-özünə fikirləşərək onu çox hesab edirdi. Sonra İmam qulamına buyurdu ki, evin küncündə olan teşti gətirsin. Elə ki, gətirdi, İmam bir neçə kəlmə oxudu, sonra buyurdu ki, teşti boşaltsın. Teşti boşaldanda o qədər dinar töküldü ki, qulam ilə o kişinin arasında fasilə saldı. İmam buyurdu: Sənin fikrincə, bizim sizin əlinizdə olanlara ehtiyacımız vardırmı? (Yə`ni Allahın bizə əta etdiyi bu qədər qüdrətlə belə!) Sonra buyurdu:

«Sizdən aldıqlarımız sadəcə olaraq sizin özünüzün paklanmağınız üçündür.»

Bu şərif ayədən mə`lum olur ki, Rəsuli Əkrəm səlləllahu əleyhi və alihi və səlləm dünya əhlindən heç nə istəməmişdir. Əli əleyhis-salam buyurur: «Rəsuli Əkrəm səlləllahu əleyhi və alihi və səlləm dünyadan gedəndə heç bir kərpici də kərpic üstünə qoymamışdı. Yə`ni heç nə özünə düzəltməmişdi Peyğəmbərin evi xurma ağacının yarpaq və budaqlarından tikilmişdi. Alimlərdən bə`ziləri demişlər ki, yaxşı olardı ki, müsəlmanların sonrakı əsrlərdə o Həzrətin evinin necə olduğunu görsünlər deyə, o evi olduğu kimi saxlayardılar. Sonrakı əsrin müsəlmanları Peyğəmbər səlləllahu əleyhi və alihi və səlləm-in necə ağır vəziyyətdə yaşadığını görsünlər.

MÜSAFİRLƏR KİMİ YAŞAYIN

Salman Farsinin (rəhmətullahi əleyh) malik olduğu kəramətlər, xariqül-adə işlər hamı arasında məhşur olduğuna görə onu tanıtdırmağa lüzum yoxdur. Amma o, ölüm ayağında ağlayırdı. Soruşdular ki, nə üçün ağlayırsan? Dedi: Qorxuram ki, Rəsuli Xuda ilə öz əhdimə vəfa etmədiyim halda görüşüm. Dedilər, sənin kimi insan da bu qədər ah-nalə edər. Salman dedi: Həccətül-vidada Rəsuli Əkrəm Kə`bənin həlqəsindən yapışıb buyurdu:

«Dünyada süvari yol gedən adamlar kimi yaşayın. İnsafla danışın, yaşayış tərzi bu olan Peyğəmbər Salmana necə buyurur: tovhid əhli olun, öz aqibətiniz üçün azuqə hazırlayın. Dünyaya ürək bağlamaq pisdir. Həsəd, paxıllıq, tamah, çirkin sifətlərdəndir.»

Bunların hamısı Peyğəmbərin nəsihətlərindəndir. O, camaatdan heç nə istəmirdi. Ümumiyyətlə, onun muzdunu Allahdan başqa kim verə bilər? Belə ki, o buyurur: «Qulu la ilahə illəllah tuflihu-la ilahə illəllah deyib nicat tapın» Camaatın qarşısında ona töhmət vururlar, daş-qalaq edirlər və s.

أَمْ عِندَهُمُ الْغَيْبُ فَهُمْ يَكْتُبُونَ

Məgər onların yanındadır Lövhi-məhfuz ki, onlar yazırlar: Peyğəmbərin məbdə və məad haqqında verdiyi xəbərlər səhih deyil. Yaxud, ondan kitabət edib xəbər versinlər ki, Peyğəmbər öləcək və onun də`vəti batil olacaq.

أَمْ يُرِيدُونَ كَيْدًا فَالَّذِينَ كَفَرُوا هُمُ الْمَكِيدُونَ

«Onlar istəyirlər ki, sənin barəndə məkr və hiylə etsinlər?» Səni aradan aparmaq üçün və sənin də`vətini söndürmək üçün. Kafir olanlar özlərinə qarşı məkr olunub. Yə`ni, onların məkr və hiylələrinin bəlası özlərinə qayıdır. Necə ki, Bədr döyüşündə öldürüldülər, bütpərəstlik Məkkədən yığışdırıldı. Bu şərif ayədə müşriklərin məkr və hiylələri barəsində bə`zi müfəssirlər buyurmuşlar ki, məqsəd Rəsuli Əkrəmə vurulan iftira və töhmətlərdir. Ona şair, məcnun, kahin deyirdilər. Bu iftira və töhmətlərdən məqsədləri bu idi ki, camaat ona tərəf yaxınlaşmasın, sözlərinə qulaq asmasın və nəticədə onun də`vəti camaata çatmasın, Allahın nurunu söndürsünlər. Amma, bu məkr və hiylələrin bəlası özlərinə qayıtdı. Çünki, əvvəla o Həzrətin də`vətinin yayılmasının qarşısını ala bilmədilər. İkincisi, özləri bədbəxtlik və məhrumiyyətə düçar, əbədi səadətə çatmaqdan məhrum oldular. Onların məkrləri müqabilində Allah onlara tövfiq vermədi, qəlblərini möhürlədi.

Təfsirçilərdən bə`ziləri demişlər ki, bu ayədəki «كَيْد»-məkr kəlməsi müşriklərin ictimasına, «Darün-nədvə»də yığışdıqları toplantıya işarədir ki, bu toplantıda Peyğəmbəri qətlə yetirməyi qərara almışdılar. Allah da onların məkrlərini özlərinə qaytardı. Sonradan öz Peyğəmbərinə hicrət etməsini əmr etdi. Bədr müharibəsinə qədər müşriklərin hamısı öldürüldü. «Darün-nədvə» məsələsi icma şəkildə bundan ibarətdir ki, müşriklər şura təşkil edib dedilər ki, Rəsuli Əkrəm Mədinəyə getsə camaat onun ətrafına yığışacaq, işimiz daha da ağırlaşacaq. Sonra, darülnəqvə deyilən bir yerə yığışdılar, şeytan da qoca bir kişi surətində onların içinə daxil oldu. Sözə ilk dəfə başlayan Əbu Cəhl idi. O dedi: Muhəmməd bizim işlərimizi korlamışdır. Bizim başımızı alçaltmışdır. Biz bir neçə nəfərə pul verib göndərməliyik ki, gözlənilmədən hücum edib Muhəmmədi öldürsünlər. Şeytan dedi: Bu olan iş deyil. Çünki, onun öldürülməsi asan deyil. Bəni Haşim də əl çəkən deyillər. Üməyyə və Əbu Süfyan dedilər: Mühəmmmədi zəncirləyib zindana salmalıyıq və zindanda bir baca yeri qoymalıyıq ki, ölməsin. Şeytan yenə dedi: Bu olan iş deyil. Əvvəla, Bəni Haşim bu işin baş verməsinə mane olacaqlar, əgər gücləri də çatmasa Həcc vaxtı başqalarından kömək istəyəcəklər. Və ona nicat verəcəklər. Dedilər, Muhəmmədi əhilləşməmiş dəvənin üstünə mindirib çöllərə buraxaq ki, ölsün. Şeytan yenə dedi: Bu da qeyri-mümkündür. Çünki, Muhəmməd özünün fəsahətli kəlamları ilə camaatı cəzb edəcək, camaat da onun ölməsinin qarşısını alacaq. Şeytan bu sözlərlə məclis əhlinin nəzərini özünə cəlb etdi. Camaat onu məclisin baş tərəfinə keçirtdilər. O məl`un rə`y verdi ki, gərək hər qəbilədən, hətta Bəni Haşim qəbiləsindən də bir nəfər seçilib birlikdə Muhəmmədi öldürsünlər. Belə olan halda Bəni Haşimin bütün qəbilələrə gücü çatmayacaq. Bu rə`y qəbul olundu. Hamı qərara aldı ki, həmin gecə Peyğəmbəri öldürsünlər. Cəbrail Peyğəmbərə nazil oldu və ərz etdi ki, indi sənin Mədinəyə hicrət etməyinin vaxtı çatıbdır. Allah əmr edir ki, öz evindən çıx və Əlini öz yerəndə qoy. Peyğəmbərin getməsi qeyri-mümkün idi. Çünki Həzrət camaat arasında əmanətdarlığı ilə məşhur idi və yanında çoxlu əmanət qoyulmuşdu. Digər tərəfdən arvadı və qızı Həzrət Fatimə orada idi. Xülasə, qərara alındı ki, Əli əleyhis-salam qalıb Peyğəmbərin ailəsinə başçılıq etsin və əmanətləri çatdırsın. Xülasə Əli, Peyğəmbərin yerində yatdı. Müşriklər güman etdilər ki, Peyğəmbərin özüdür. Bə`ziləri dedi ki, elə bu gecə onu öldürək. Əbu Ləhəb onlara mane olub dedi, evdə qadın vardır, gözləyin, sübh öldürərik.

ALLAHIN ƏLİ ƏLEYHİS-SALAM İLƏ İFTİXAR ETMƏSİ

Sünnü və şiə alimləri tərəfindən belə bir rəvayət nəql olunmuşdur: Höccətül-İslam Ğəzzali də «Ehyaül-ülum» kitabında qeyd etmişdir ki, Cəbrail və Mikailə nida çatdı ki, siz iki nəfəri bir-birilə qardaş etdim və birinin ömrünü o birisindən artıq etdim. Sizlərdən hansı az ömrü götürüb, çoxu o biri qardaşına vermək istəyir? Hər ikisi susub qaldı. Ölümə ikrah hissi ilə yanaşdılar. Nida gəldi ki, nə üçün Məhəmməd və Əli kimi olmadınız? Hansı ki, onların arasında qardaşlıq əhdi bağladım, Əli öz canını Peyğəmbərin canına fəda etdi.

Başqa bir rəvayətdə də gəlmişdir ki, Peyğəmbər Əliyə canının sağ qalması barədə arxayınlıq vermədi və Əli ciddi olaraq Peyğəmbərin yolunda ölümə hazır oldu. Seyyid ibni Tavus «İqbal» kitabında Həzrət Əli əleyhis-salamın şə`nində müfəssəl şəkildə yazmışdır. İşin xülasəsi belə oldu ki, Cəbrail və Mikailə əmr olundu ki, Yer üzünə gedib, mənim dostum Əli ibni Əbu Talibə keşikçi olun! Cəbrail o Həzrətin başının tərəfində, Mikail isə ayaq tərəfində qərarlaşıb, «bəh-bəh, ya Əli!» dedilər.

Sünnü hədisçilərin çoxu üçün də aşkar bir məsələdir ki, Əli əleyhis-salam Rəsuləllahın yolunda necə fədakarlıq edibdir. Allah da onun üçün mələkut aləmində iftixar etmişdir. Sübh olanda Peyğəmbərin evinə töküldülər və Onu tapmayıb yerində Əlini gördülər. Əbu Cəhl dedi: Muhəmmədi hara göndərdin? Əli əleyhis-salam buyurdu: Məgər Muhəmmədi mənə tapşırmışdınızmı? Onlardan biri dedi ki, indi ki Muhəmməd gedibdir, onun yerinə Əlini öldürək. Əbu Cəhl dedi: Bu cavanın ağlı düz işləmir. Əli buyurdu: Allah mənə o qədər əql mərhəmət edib ki, əgər bütün aləmə bölsələr və paylasalar heç kəs dəli qalmaz və mənə elə bir qüvvə əta etmişdir ki, əgər bütün camaat arasında paylansa, aləmdə zəif insan qalmaz. Bu yerdə Əbul Bəxtəri adlı bir nəfər qılıncını siyirib Həzrəti öldürmək istədi. Əmirəl-mö`minin Əli əleyhis-salam onun sağ əlini tutub sıxdı, qılınc əlindən düşdü və özü də titrəməyə başladı. Sonra yerə yıxıldı. Sonra o məl`unu çiyinlərində götürüb evdən çölə apardılar.

PEYĞƏMBƏR SƏLLƏLLAHU ƏLEYHİ VƏ ALİHİ VƏ SƏLLƏM-İN AYAQ İZLƏRİNİ AXTARIRLAR

Münadi car çəkib dedi ki, hər kəs Muhəmmədi tapsa, yaxud ondan bir xəbər gətirsə, ona yüz dəvə veriləcəkdir. Ərəblərin arasında bir nəfər var idi ki, ayaq izlərini gözəl şəkildə tanıyırdı. O şəxs gəlib dedi ki, bu Peyğəmbərin ayaq izidir ki, İbrahimin qədəmlərinə oxşayır. Bu izi tutub gedin. Müşriklər həmin işi gördülər. Nəhayət, «Sur» dağına çatdılar. O dağda bir mağara var idi. (Peyğəmbər bu mağaraya gedəndə Əbu Bəkri də yolda özü ilə götürmüşdü.) Müşriklər mağaranın ağzına qədər gəlib çatdılar. Əbu Bəkr dedi, ya Muhəmməd, indicə gələcəklər və bizi tutacaqlar. Peyğəmbər buyurdu: «Nigaran olma, iki nəfər hər yerdə olsa, üçüncüsü Allah-Taaladır.» Rəsuli Əkrəm ağaca işarə etdi, ağac gəlib mağaranın ağzında qərarlaşdı. Hörümçək də orada tor çəkdi və göyərçinlər də orada gəlib yuva qurdu və yumurta qoydular. Müşriklər mağaranın 10 metrinə qədər gəldilər. Sonra ayaq izlərini tanıyan şəxs dedi: Buraya qədər Muhəmmədin ayaq izləri var. Amma, bundan o yana yerə girdiyini, yaxud göyə çıxdığını bilmirəm. Bə`ziləri mağaranın içinə girmək istədilər, lakin başqaları dedi ki, bu hörümçək toru, göyərçin yumurtaları göstərir ki, uzun müddətdir ki, bu mağaraya heç kəs gəlməyib. Bunu deyib qayıtdılar və belə fikirləşdilər ki, mağarada heç kəs yoxdur. Allah bunların məkr və hiylələrinin müqabilində məkr etdi. Nəhayət, məkr sözü ilə gətirilən ibarə eynilə cəzalandırmaq mə`nasındadır. Yə`ni, pisliyin əvəzi pislik kimidir. Əvvəlcədən, heç nə olmadan, məkr işlətmək əqlən qəbahətli şər`ən isə haramdır. Amma, edilən məkrin müqabilində məkr etmək əqlən bəyənilmiş, şər`ən də caizdir.

Onlar yanıldılar. Hörümçəyin toru və göyərçinləri Allah iznilə o mağaranın ağzında qərar verdi. Əbu Bəkrin ürəyi o mağarada bərk döyünürdü. Amma Peyğəmbər, qəlbinin qüvvəti ilə orada idi. Müşriklər qayıtdı. Peyğəmbər səlləllahu əleyhi və alihi və səlləm Əli əleyhis-salam üçün xəbər göndərdi ki, sən amandasan, özünü mənə çatdır, mən Mədinəyə tərəf hərəkət edirəm. Hər vaxt mənim borclarımı və əmanətlərimi təhvil verdin, Fatimələri yə`ni, Fatimeyi Zəhra əleyha salam, Fatimə Binti Əsəd və Fatimə Binti Zübeyri bir neçə zəif müsəlmanlarla birlikdə özün ilə Mədinəyə gətir. Həzrət Əli əleyhis-salam da bu işi yerinə yetirdi. Müşriklərin yolda maneçilik törətmələrinə baxmayaraq Həzrət Əli əleyhis-salamın qılıncı ilə öz yerlərində oturduldu.

YOLDAKI HADİSƏLƏR

Peyğəmbər və Əbu Bəkr Mədinəyə doğru hərəkət etdilər. Müşriklər Həzrəti tutmaq üçün yüz dəvə mükafat tə`yin etmişdilər. Həmçinin, hər kəs Peyğəmbərdən bir xəbər gətirsəydi də eyni qayda ilə. Süraqə ibni Malik bu mükafatı əldə etmək məqsədilə o Həzrətə doğru hərəkət etdi. Peyğəmbər buyurdu: İlahi, məni Süraqənin şərrindən xilas et! Və bu zaman Süraqənin atının ayaqları yerə batdı və atdan yerə yıxıldı. Peyğəmbərin yanına qaçıb dedi: Ey Muhəmməd, bildim ki, bu bəla sənin tərəfindən mənə çatdı. Dua et bu işdən xilas olum, and içirəm ki, ömür boyu məndən sənə heç bir pislik çatmayacaq. Peyğəmbər dua etdi, at xilas oldu. Elə ki, ata mindi yenidən o Həzrəti tə`qib etməyə başladı. Yenə də atı yerə batdı. Yenə də Peyğəmbərə yalvardı, Peyğəmbər dua etdi. Xülasə, xilas oldu. Bu iş üç dəfə təkrar olandan və üçüncü dəfə xilas olandan sonra dedi: Ey Muhəmməd, mənim dəvələrimi, qulamlarımı və oxumu götür. Hər yerdə istəsən istifadə et! Mən heç kəsi qoymaram ki, səni tə`qib etsin. Peyğəmbər buyurdu: Mənim sənin malına ehtiyacım yoxdur.

Yolda bir nəfər Peyğəmbərin qabağını saxladı. Peyğəmbər onun adını soruşdu. Ərz etdi ki, adım Büreydədir. Peyğəmbər buyurdu: Bərədə əmruna-yə`ni, bizim işimiz asan və yaxşı oldu. Sonra buyurdu ki, hansı qəbilədənsən? Dedi: Bəni Əsləm qəbiləsindənəm. Həzrət buyurdu: Salamatçılıqla qurtardıq. Bir qədər danışdıqdan sonra ona buyurdu, İslamı qəbul et! Peyğəmbərin tə`sirli kəlamı səbəbilə o və onun ətrafında olan 70 nəfər müsəlman oldu. Büreydə Rəsuli Əkrəmə ərz etdi ki, Mədinəyə bu cür getməyin. İcazə verin mən sizin ələmdarınız olum. Həzrət buyurdu: Özün necə istəyirsənsə eləcə də et! Büreydə Rəsuli Əkrəmin və Əli əleyhis-salamın yaxın dostlarından oldu və Həzrətin vəfatından sonra Əbu Bəkr və Ömər ilə bey`ət etmədi.

Büreydə öz əmmaməsini bayraq etdi. Peyğəmbər 12-13 gün yolda oldu. Sonra Mədinəyə çatdı. Yol əsnasında Ümmu Məbəd adlı bir qadının xeyməsinə çatdı. Həzrət soruşdu: Nəyin var? O dedi: Arıqlıqdan çölə getməyən bir qoyunum var. Qoyunun süd verirmi? Dedi: Yox. Peyğəmbər buyurdu: İcazə ver onu sağım. Rəsuli Əkrəm öz əlini qoyunun döşünə vurdu. Elə bu anda süd onun döşlərindən axmağa başladı.

Hamısı içdi. Bu qoyun 17 il diri qaldı və ömərin xilafəti dövründə düşüb öldü.

Başqa bir rəvayətə görə Peyğəmbər xurmanı yeyib dənəsini həmin torpaqda əkdi. Xurma göyərdi. Başqa bir rəvayətdə var ki, o tikanlı ağac idi ki, Peyğəmbər onun yanında dəstəmaz aldı, ağzının suyunu və dəstəmazın suyunu o ağacın dibinə tökdü, ağac böyük bir yaşıl ağaca çevrildi. Meyvələrindən xəstə yeyirdisə, dərhal şəfa tapırdı. Hər ac və susuz insan ondan yeyirdisə susuzluqdan və aclıqdan doyurdu.

Peyğəmbər vəfat edən vaxt onun meyvələri naqis oldu. Əli əleyhis-salam dünyadan gedəndə daha meyvə vermədi, Hüseyn əleyhis-salam şəhid olandan sonra o ağacdan qan axmağa başladı və quruyub aradan getdi. Rəsuli Əkrəm gedəndən sonra Ümmü Mə`bədin əri gəlib vəziyyəti başqa cür gördü. Məsələni soruşdu, özü və onun qəbiləsi hamısı müsəlman oldular.

Həzrəti Peyğəmbər Quba məhəlləsinə çatıb 17 gün orada qaldı və buyurdu: Nə qədər ki, əmim oğlu Əli gəlməyibdir buradan hərəkət etməyəcəyik. Nəhayət, Əli və onunla birlikdə gələnlər gəlib çatdılar və oradan Mədinəyə yola düşdülər. Peyğəmbərin Məkkədən hərəkəti rəbiül-əvvəlin 1-i, Mədinəyə çatması isə 12-ci günü oldu. Mədinə əhlinin hər biri Peyğəmbəri öz evinə aparmaq istəyirdi. Həzrət buyurdu: «Mən ixtiyarı dəvəmin öhdəsinə qoydum. Hər yerdə dayansa, o yerdə mənzil edəcəyəm.» Bunu deyib, dəvənin yüyənini buraxdı, dəvə gəlib Əbu Əyyub Ənsarinin evinin müqabilində dayandı. Peyğəmbər altı (başqa rəvayətə görə səkkiz) ay orada qaldıqdan sonra yerini dəyişdi.

أَمْ لَهُمْ إِلَهٌ غَيْرُ اللَّهِ سُبْحَانَ اللَّهِ عَمَّا يُشْرِكُونَ

Bu sonuncu sual daha mühümdür. Məkkə müşriklərinə xitabən deyilməsinə baxmayaraq, ümumi bir sualdır Qiyamətə qədər. «Məgər özləri üçün aləmlərin Pərvərdigarından başqa bir ilahi, mə`bud, tək olan Allahdan başqa bir mə`bud seçirlərmi ki, ona pərəstiş etsinlər, bəlalarda ona pənah aparsınlar və öz istəklərini də ondan istəsinlər. Allah Ona qoşulan şirkdən çox-çox uzaqdır.

«İLAH» VƏ «ALLAH» ARASINDAKI FƏRQ

İlah-fial, kitab vəznində olan bir məsdərdir, ələhə, ilahən, mə`bud mə`nasında olandır. Mə`bud-yə`ni, pərəstiş olunan. Şəkk yoxdur ki, həqiqi mə`bud o şəxsdir ki, həqiqi ne`mət verən olsun. Mə`lumdur ki, bütün ne`mətlər Allahındır. Hər bəşərin varlığının əksi, onun etdiyi bütün istifadələrin hamısı tamamilə Allah tərəfindəndir. Deməli, yaxşı layiqlidir ki, ibadətə layiqli olan Odur, vəssəlam. İbadət-yə`ni, pənah aparmaq, sığınmaq, zəlil, xaşe`, xaze` olmaq, bəndəçiliyin axırıncı həddinə çatmaq. Hər nəyin müqabilində olursa-olsun. Bə`zilərinin mə`budu bütdür. özləri canlı olmasına baxmayaraq, cansız şeylərə pərəstiş edirlər. Bə`ziləri, yeddi yüz milyondan artıq insan bütə pərəstiş edir. Çində, Hindistanda, Yaponiyada və s. kimi ölkələrdə. Dostlarımdan bə`zisi nəql edir ki, Hindistanın bütxanalarında bir hindu şəxs yeddi saat öz əllərini biz qunut tutduğumuz kimi bütün qarşısında əllərini göyə açıb dayanır. Biz nə üçün Allahın qabağında belə etmirik? Rəvayətdə var ki, hər kəsin bu dünyada qunutu uzun olsa, Qiyamətdə hesabı daha rahat olacaqdır.

Başqa bir dəstə isə qəsr, saray və s. kimi şeylərə pərəstiş edirlər. Onu gözəlləşdirmək üçün çalışırlar. Qadınlar qızıla, paltara, bər-bəzəkli şeylərə daha çox meyl edirlər. Başqa bir dəstə ağaca pərəstiş edir. Hindistanda iki növ ağac vardır ki, pərəstiş olunur. Onlardan birinin yarpaqları mütəhərrikdir, başqasının isə üç yarpağı var ki, ortadakı yarpağı hərəkətdədir. Başqa bir qrup isə inəyə sitayiş edir. İnəyə pərəstiş edənlərdən daha pisi, bir qadını görəndə hər şeyini ona qurban verən, malını, canını, bədənini, qəlbini ona təslim edib, onun müqabilində zəlil olan insanlardır. Ümumiyyətlə, həqiqi ne`mət verənin – aləmlərin Pərvərdigarının qarşısında zəlil olmaq yerinə öz şəhvətlərinin qulu olurlar. Belə olan vaxtda, mö`minləri də məsxərəyə qoyurlar, «sizlər köhnəpərəstsiniz» deyirlər. Bə`ziləri isə günəşə, aya pərəstiş edirlər. Məsələn, çoxları Zöhrə ulduzuna sitayiş edirlər. Başqa bir dəstə isə öz növündən olan bəşər müqabilində zəlillik, bəndəçilik edirlər.

Fəxri Nazimin «Ləvamiül-bəyyinat» kitabında İmran ibni Hüseyndən nəql olunur ki, Peyğəmbər bir gün mənə buyurdu: «Bu gün neçə dənə ilaha sitayiş etmisən?» Cavabda dedim ki, altı, ya yeddi olar. Altısı yerdə, biri asimanda. Çünki, ərəb qəbilələrində çoxlu bütlər var idi, hər kəs bir və ya bir neçəsinə pərəstiş edirdi.

Peyğəmbər buyurdu:

Onlardan hansına öz arzularına çatmaq üçün pərəstiş edirsən?

Dedim: Asimanların Xaliqinə.

Peyğəmbər buyurdu: Elə bu sənin üçün bəsdir. Sənin bütün istək və arzularını asimanların Allahı tə`min edir. Daha bütlərə heç bir ehtiyacın yoxdur. Onların da əlindən heç bir iş gəlmir. Sonra buyurdu: Əgər müsəlman olsan, sənə iki kəlmə öyrədərəm ki, onlardan istifadə edib faydalanasan. Sonra İmran müsəlman oldu və o iki kəlməni Peyğəmbərdən öyrənmək istədi. Peyğəmbər buyurdu: Bu duanı et:

«Allahummə əlhimni rüşdi və əizni min şərri nəfsi.»

«İlahi, mənə ilham et düz yolu – hidayət yolunu, nicat və səadət yolunu mənə anlat. İlahi mənə öz nəfsimin şərrindən pənah ver.»

Doğrusu Peyğəmbərin buyurduğu bu cümlə necə də mühümdür. Bilmək lazımdır ki, şirklərin ən pisi həvayi-nəfsə pərəstiş etmək, hətta bütün batil pərəstişlərin həqiqəti həvayi nəfsə pərəstişə qayıdır. Yə`ni, «mən» pərəstlik, gözəllik pərəstlik, qadın pərəstlik, məqam pərəstlik və s. kimi şeylər. Hətta, bütpərəstliyin özü də nəfsin meyli üzündən olmadığına görə həvayi-nəfsə pərəstişdir. Allah bizi öz nəfsimizin şərrindən saxlasın! Bizi tövhid və Allahpərəstlərdən etsin!

ALLAHDAN BAŞQA HEÇ KƏS PƏRƏSTİŞƏ LAYİQ DEYİL

İndi ki, ilahin mə`nası aydın oldu, zikr olunan ayənin mə`nası mə`lum olur ki, Qiyamətə qədər bu xitab ümumidir: məgər özünüz üçün mə`budlarınız qərar verdiyiniz bunlarda bir şey varmıdır ki, onun xatirinə ibadət edirsiniz. Ey mənpərəstlər, ey inəkpərəstlər, ey qadınpərəstlər, ey cəh-cəlalpərəstlər. Məgər bunların ibadət olunmağa, pərəstiş olunmağa ləyaqətləri varmı? Nə üçün özünüz kimi, yaxud özünüzdən də alçaq olan məxluqların müqabilində zəlil olursunuz? Məgər bilmirsiniz ki, Allah sənin işini ona-buna yalvarışla və yaltaqlanmaq olmadan düzəldə bilər. Həmçinin, Allahdan başqa özünə mə`bud seçdiyin şeylərin sənə nə kimi şərafəti vardır? Onun malik olduğu əql, göz, qulaq və s. əzalar səndə də vardır; əgər onlar sənin hər hansı bir müşkülünə nicat vermək üçün, bağışlanmaq üçün vasitə olsalar, onların da hamısı öz növbəsində Allaha qayıdır. Yə`ni, əgər Allah istəsə, hər hansı bir məxluqun vasitəsi ilə sənin işini düzəldəcəkdir. Yox, əgər istəməsə, ən güclü fərdlər belə bu işi yerinə yetirməkdə aciz qalacaqlar. Bütün bu işlərin hamısı Allahdandır ki, məxluqatın vasitəsi ilə icra olunur.

XƏLİFƏ BAĞDAD KÖRPÜSÜNÜN YANINDA

Abbasi xəlifələrinin biri Bağdad körpüsünün yanından keçəndə zahirdə sultan oğluna oxşayan bir dilənçini gördü. Amma onun paltarları dilənçi paltarlarına oxşamırdı. Bu barədə maraqlandıqdan sonra mə`lum oldu ki, əvvəlki xəlifənin oğludur. Onun halından riqqətə gəldi və yüz qızıl əşrəfi pulu ona verib dedi ki, bu sərmayəni götür və daha dilənçilik etmə! Qayıdanda yenidən gördü ki, həmin şəxs orada oturmuş, dilənçilik edir. Soruşdu: Məgər sənə yüz əşrəfi vermədim? Dedi: Əşrəfiləri cibimə qoymaq istəyəndə çaya düşdü. Xəlifə elə oradaca iqrar etdi ki, Allahın istəmədiyi bir iş heç vaxt baş tutmaz. Yə`ni fəqir olmasını istədiyi bir şəxsi sultan da zəngin edə bilməz.

Alimlərdən biri can üstündə olanda dövrün xəlifəsi ona baş çəkməyə gedir. Bu böyük alimin yatağının kənarında oturanda deyir ki, neçə övladın varsa, icazənlə onları mənə həvalə et. Yə`ni onların həyatının idarə olunmasının başçılığı mənim öhdəmdə olsun. Bu böyük şəxsiyyətli alim sükut edib heç nə demir. Üç kərə təkrar etdikdən sonra alim deyir ki, mən öz Allahımdan xəcalət çəkirəm ki, öz övladlarımı Ondan başqasına tapşırım. Sultan da onun bəndələrindən biridir. Gərək övladı elə şəxsə tapşırasan ki, əbədi olaraq qalsın. Əgər Allah öz lütf nəzərini bir kəsdən kəssə, hətta ona verdiyi pul da heç bir ehtiyacını tə`min etməz və yarasını sağaltmaz. Ola bilsin ki, çox varlı-dövlətli olan şəxslər əlacı olmayan xəstəliklərə düçar olub acından ölsünlər.

BU AYƏLƏRİN ƏVVƏLKİ AYƏLƏRLƏ ƏLAQƏSİ

Bu surədəki 15-ci sual ilzami sual, yə`ni cavabı hər aqil şəxsin yanında Allah Taalanın sözünü təsdiq etməkdən ibarətdir. Birinci ayədən axırıncı ayəyə qədər. Amma bu bədbəxt və ürəkləri qəsavət bağlamış camaat bu Allahın kəlamını qəbul etmək istəmədilər. Hədisdə var ki, Qiyamətdə Əbu Cəhl bir quyuda olacaqdır. Peyğəmbəri Əkrəmin gəlişinin xəbərini ona verəndə, deyəcək ki, mənim üstümə bir daş salın ki, gözüm onu görməsin. Deyirlər, Peyğəmbər şəfaət etmək istəyəcək, Əbu Cəhl cavab verəcək ki, istəmirəm. Müşriklərin Peyğəmbərlə o qədər inadlı kinləri var idi ki, əvvəllər Peyğəmbərə deyirdilər ki, əgər düz deyirsənsə, elə et ki, asimandan bir daş parçası düşsün və bizi həlak etsin. Allah buyurur:

وَإِن يَرَوْا كِسْفًا مِّنَ السَّمَاء سَاقِطًا يَقُولُوا سَحَابٌ مَّرْكُومٌ

«Əgər asimandan bir daş parçasının gəldiyini görsəydilər, deyəcəkdilər ki, buludlar sıxlaşıb bu hala düşmüşdür.»

Ümumiyyətlə, heç vaxt aləmlərin Allahına e`tiqadlı olmağa hazır olmadılar. Onların gözləri yalnız zahiri səbəbləri görürdü. Məsələn, əgər hər hansı vaxt zəlzələ baş versəydi, yaxud şiddətli tufan, sel vasitəsi ilə müxtəlif dağıntılar baş versə, öldürücü ildırım çaxsa, deyəcəkdilər ki, bunların hamısı yerin yuxarılarının sıxılmasının, yaxud təbiətin qəzəbinin nəticəsidir. Fikirləşmirdilər ki, yer kürəsində olan ən kiçik iş belə Allahın istəyi və icazəsi ilədir, onun Xaliqinin icazəsi olmadan baş verməyəcəkdir ki, bunun səbəbilə ilahi əzabdan və qəhrdən qorxsunlar və ona itaətsizlik etməkdən əl çəksinlər.

«Səhifeyi-Səccadiyyə`nin şərhində nəql olunub ki, bir nəfərə ölüm ayağında «Ədilə» duası oxuyurdular. O isə dua oxumaq yerinə «indi hava soyuqdur və istilik getmişdir» və s. kimi səfeh sözlər deyirdi və bu sözlərlə dünyadan getdi. Xülasə, zahiri səbəblərə diqqət yetirmək olmaz. Bu xəstəliklər ölüm əlamətləridir. İnsan öz fikrini bir yerə yığıb cəm etməlidir.

فَذَرْهُمْ حَتَّى يُلَاقُوا يَوْمَهُمُ الَّذِى فِيهِ يُصْعَقُونَ. يَوْمَ لَا يُغْنِي عَنْهُمْ كَيْدُهُمْ شَيْئًا وَلَا هُمْ يُنصَرُونَ

Haqq olan mətləbi qəbul etməyən bir şəxsi öldürsən də, yenə də qəbul etməyəcəkdir. İnadkar uşağa hər nə etsəndə mədrəsəyə getməyəcək. Namazı tərk edən adama «namaz qıl» deyəndə, sanki «get o dağı kökündən qopart», deyirsən. Xülasə, bu ikiayaqlı heyvan o qədər inadkardır ki, heç kəsə tabe olmaq istəmir. Belə olan halda onu gərək öz halına boşlayasan. Vay olsun o xəstənin halına ki, həkim onu boşlaya. Peyğəmbər Allahın vəlisidir. Belə bir vəli camaatı boşlasa, görəsən onlar nə edər? Allah buyurur: onları boşla!

QİYAMƏT SAİQƏSİ

«Yüs`əqunə» kəlməsinin mə`nasını iki cür təfsir etmişlər. 1-ci budur ki, Qiyamət gününün saiqəsi-zəlzələsi hər inadkar və boynuyoğunu kiçildib zəlil edər. Hər zərrə möhkəmləşər. Qiyamət, ilahi qəzəbin, qəhrin zühur yeridir. Çox vəhşətlidir. Od kürəsi kimi qızmar, hərarətlidir. Qiyamətin torpağı mö`minin ayaqları altında sərin, kafirin ayaqları altında od yaradır. Qiyamətin torpağının şüuru vardır. Mö`minlə kafir arasında fərq qoyur. Necə ki, Nil çayından Bəni İsrail tayfası içəndə su idi. Amma, fironçular üçün qan. Bə`zi vaxtlar fir`onçular Bəni İsrailin yanına gəlib onlara su verməsini istəyirdilər. Elə ki, su verirdilər, yenidən qana dönürdü.

Geriyə Mündəricat Növbət