ÇİRKİN YA GÖZƏL?

Qur’an insanı gözəl, yoxsa çirkin bir məxluq kimi qələmə verirmi?

İnsan iki müxtəlif təbiətə – zülmət və nuraniyyətə malik olan bir varlıqdırmı?

Necə olur ki, Qur’an onu həm yüksək dərəcələrə qalxmaqda mədh [tə’rif], həm də insanlığın ən alçaq dərəcəsinə süqut etməkdə məzəmmət edir?!

Onun həm tənbeh, həm də məzəmmət olunması heç də iki təbiətə – mədh və məzəmmətə malik olması demək deyildir.

Qur’an nöqteyi-nəzərindən insan müxtəlif iste’dadlara malikdir. O, kamala çatmaq üçün öz iste’dadlarından səmərəli istifadə etməlidir. Bunun isə əsas şərti insanda imanın olub-olmamasıdır. İmanın vasitəsilə təqva, saleh əməl və Allah yolunda çalışmaq müvəffəqiyyəti hasil olur. Yalnız imanla elmi, sui-istifadədən xaric edib faydalı bir şeyə çevirmək olar.

Allah-taalanın yer üzərindəki xəlifəsi olan insan mələklərin səcdəgahıdır. Hər şey onun üçün və onun kamala çatması üçün yaradılmışdır. İnsan dedikdə, imanı da nəzərdə tutmaq lazımdır. İmansız insan naqis bir varlıqdır. Belə bir insan həris, zalim, paxıl, kafir və hətta heyvandan da aşağı səviyyədə olar.

Qur’ani-kərimdə mədh və məzəmmət olunan insanların xüsusiyyətləri bəyan olunmuşdur. Bu ayələrdən belə mə’lum olur ki, Allahdan uzaq və imansız şəxslər həqiqi insan deyillər.

Əgər insan yeganə olan həqiqətə iman gətirərsə, Ona pənah aparıb özündə mə’nəvi rahatlıq hiss edərsə, kamala çatmış olar. Ondan – yə’ni Allahdan uzaq düşdükdə isə, kökündən ayrı düşmüş ağaca bənzər.

Misal olaraq bu ayələrdən ikisinə işarə edirik.

وَالْعَصْرِ (1) إِنَّ الْإِنسَانَ لَفِي خُسْرٍ (2) إِلَّا الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ وَتَوَاصَوْا بِالْحَقِّ وَتَوَاصَوْا بِالصَّبْرِ (3)

(And olsun axşam çağına [ikindi vaxtına, əsr namazına, zamana və ya Peyğəmbərin əsrinə] ki, insan [ömrünü bihudə işlərə sərf etməklə dünyanı axirətdən üstün tutmaqla] ziyan içindədir!

Yalnız iman gətirib yaxşı əməllər edən, bir-birinə haqqı tövsiyə edən və səbri tövsiyə edən kimsələrdən başqa! [Belələri Cənnətə nail olub əbədi səadətə qovuşanlardır!]) (Əsr surəsi).

وَلَقَدْ ذَرَأْنَا لِجَهَنَّمَ كَثِيرًا مِّنَ الْجِنِّ وَالإِنسِ لَهُمْ قُلُوبٌ لاَّ يَفْقَهُونَ بِهَا وَلَهُمْ أَعْيُنٌ لاَّ يُبْصِرُونَ بِهَا وَلَهُمْ آذَانٌ لاَّ يَسْمَعُونَ بِهَا أُوْلَـئِكَ كَالأَنْعَامِ بَلْ هُمْ أَضَلُّ أُوْلَـئِكَ هُمُ الْغَافِلُونَ (179)

(Biz cinlərdən və insanlardan bir çoxunu Cəhənnəm üçün yaratdıq. Onların qəlbləri vardır, lakin onlar [Allahın birliyini sübut edən dəlilləri, özlərinin dini borc və vəzifələrini] anlamazlar. Onların gözləri vardır, lakin onunla [Allahın mö’cüzələrini] görməzlər. Onların qulaqları vardır, lakin onunla [öyüd-nəsihət] eşitməzlər. Onlar heyvan kimidirlər, bəlkə də [ondan daha çox zəlalətdədirlər]. Qafil olanlar da məhz onlardır!) (Ə’raf-179).