İkinci dərs

Qur`ani-kərimin nöqtə və əlamətləndirilməsinin qısa tarixçəsi

Әrəb qrafikası Həzrət Peyğəmbərin (səlləllahu ələyhi və alihi və səlləm) be`sət dövründə özünün ilkin mərhələlərini keçirirdi. O zamanlar hal-hazırda Qur`ani-kərimdə mövcud olan hərəkələr, sükun, təşdid, mədd və tənvin əlamətləri, eləcə də oxşar hərfləri müəyyənləşdirmək üçün əlamətlər ya heç yox idi və yaxud da onlar çox sadə və ibtidai işarələrlə göstərilirdi.

Həzrət Rəsuli-əkrəm (s. ə. v. v.) peyğəmbərliyə seçildikdən sonra vəhy yazanlar Qur`anı o dövrün geniş yayılmış xətti ilə yazırdılar. Qur`an bəyanının həddindən artıq rəvanlığı, onun tədricən nazil olması və ayələrin düzgün tələffüzünü Peyğəmbərin (s. ə. v. v.) öz dilindən eşitmələri, onların bu müqəddəs kitabın qiraətində çox az səhvə düçar olmasına səbəb olurdu. Hər hansı bir kəlmədə şəkk etdikdə isə onun düzgün tələffüzünü Peyğəmbərin (s. ə. v. v.) özündən soruşurdular.

İslam dini genişləndikdən və qeyri-ərəb xalqlar müsəlman olduqdan sonra qarşıya bir sıra çətinliklər çıxdı. Onlar ərəb dili ilə yaxından tanış olmadıqları üçün Qur`anı da düzgün oxuya bilmirdilər. Bundan əlavə, onlarla həddindən artıq ünsiyyətdə olan ərəb xalqlarının özü də müəyyən tə`sirlərə qapılmış və bu dildə müxtəlif dəyişikliklər yaratmışdılar. İş o yerə çatmışdı ki, hətta bə`zi məşhur ərəb natiqləri də öz nitqlərində müəyyən səhvlərə yol verirdilər. Buna görə də Həzrət Әli ibni Әbu Talib əleyhissəlam Qur`ani-kərimin düzgün oxunuşunu tə`min etmək və onu qarşıya çıxan səhv və xətalardan qorumaq üçün bir sıra qaydalar tətbiq edərək onu öz şagirdi Әbul Әsvəd Duəliyə öyrətdi. Әbul Әsvəd də qiraətin asan və düzgün oxunması üçün Qur`anda əlamət və işarələr qoymaq qərarına gəldi və həmin dövrün ən məşhur yazıçılarından birini bu işə cəlb etdi. Onun göstərişinə əsasən, artırılacaq əlamət və işarələrin rəngi Qur`anın mətninin rəngi ilə fərqlənməli idi.

Әbul Әsvəd həmin yazıçıya sait səsləri göstərən əlamətləri müəyyənləşdirmək üçün tələffüz zamanı dodaqların formasına diqqət yetirməyi tapşırır:

1. Tələffüz zamanı dodaqlar bir növ açıq forma aldıqda, həmin hərfin üstündə qırmızı rəngdə bir nöqtə qoyulmalı və bununla da həmin hərf fəthəli sayılmalı idi.

2. Tələffüz zamanı dodaqlar bir növ aşağı çəkildikdə, həmin hərfin altında qırmızı rəngdə bir nöqtə qoyulmalı və bununla da o hərf kəsrəli sayılmalı idi.

3. Tələffüz zamanı dodaqlar bir növ qovuşmaq forması aldıqda, qırmızı rəngdə bir nöqtə həmin hərfin qarşı tərəfində qoyulmalı və bununla da həmin hərf zəmməli sayılmalı idi.

Әbul Әsvəd ayələri yavaş-yavaş oxuyur, yazıçı da Qur`anın sait hərflərini və kəlmələrin sonunu göstərmək məqsədilə onlara nöqtə qoyurdu. Әbul Әsvəd hər bir səhifə başa çatdıqdan sonra onu nəzərdən keçirir, qoyulan nöqtələrin düzgün olub-olmamasını yoxlayırdı. Beləliklə də onlar Qur`anı əvvəldən axıradək nöqtələyib qurtardılar.

Bu üslubu tətbiq etməklə hərəkələr nəzərindən Qur`anın səhih oxunuşu gerçəkləşdi. Amma oxşar hərflərin ayırd edilməsi hələ də bir çətinlik olaraq qalmaqda idi. Bu çətinliyi aradan qaldırmaq üçün də Әbul Әsvədin Yəyha ibni Yə`mur və Nəsr ibni A`sim adlı iki şagirdi onun təcrübəsindən istifadə etməklə hərflər üzərində nöqtələr qoyub, oxşar hərfləri bir-birindən ayırdılar. Sait hərfləri göstərən nöqtələri samit hərflərin nöqtəsi ilə səhv salmamaq üçün, hərflərin nöqtələrini hərfin öz rəngində (qara) və hərəkələrin nöqtələrini isə qırmızı rənglə yazdılar.

Bir müddətdən sonra “həmzə” «ء» kimi oxunan “əlif”, “vəv” və “yə” «ا و ى» hərflərini ayırd etmək üçün, sarı rəngli nöqtələrdən, kəlmələrin əvvəlində gələn “vəsl həmzəsi”ni ayırmaq üçün isə yaşıl nöqtələrdən istifadə edildi.

Demək olar ki, bununla da hərflərin ayırd edilməsi çətinliyi aradan qaldırıldı, amma yazılışda müxtəlif məqsədlər üçün istifadə olunan fərqli rənglərdən istifadə etmək çətinliyi qalmaqda idi. Bu səbəbdən Xəlil ibni Әhməd Fərahidi hərəkə və “həmzə” «ء» göstəriciləri olan nöqtələrin şəklini dəyişmək məcburiyyətində qaldı.

O, «fəthə» hərəkəsini müəyyən etmək üçün «ا» “əlif”-dən, «kəsrə» üçün «ى» “yə”-dan və «zəmmə» üçün isə «و» “vəv”-dan istifadə etdi. Onları kiçik işarələr formasında hərflərin üzərində yerləşdirdi. «ء» “həmzə” üçün «ع» “əyn” hərfinin yuxarı hissəsini götürdü, sükun, təşdid, mədd və s. əlamətlər üçün isə başqa işarələr tə`yin etdi ki, Allahın köməkliyi ilə bunların hər birini «əlamətlər» bəhsində ayrı-ayrılıqda izah edəcəyik.

Qur`ani-kərimin xəttində sonralar da müəyyən dəyişikliklər edildi ki, Qur`anın qiraətində onların hər birinin özünəməxsus rolu vardır[1]

Biz burada ərəb rəsmxətli Qur`anda olan əlamətlərin araşdırılmasına, hər bir əlamətin adlandırılma səbəbinin aydınlaşdırılmasına çalışmışıq.

Qur`anın ərəbcə nazil olmasını [2]«إِنَّا أَنزَلْنَاهُ قُرْآنًا عَرَبِيًّا»Həqiqətən Biz, Qur`anı ərəbcə nazil etdik”, Həzrət Peyğəmbərin (s. ə. v. v.) Qur`anın oxunuşuna dair xüsusi göstərişini

[3]«اِقْرَؤُا الْقُرآنَ بِاَلْحَانَ العَرَبِ وَاَصْواتِهَا »Qur`anı ərəb ləhcə və səsləri ilə oxuyun” nəzərə almaqla bu müqəddəs kitabımızın ərəb ləhcəsi ilə oxunuşunu sadə dillə izah etməyə səy etdik.

Sual və tapşırıqlar:

1. Qur`anı nöqtələr vasitəsi ilə əlamətləndirən ilk şəxs kim idi?

2. Әbul Әsvəd Duəlinin tə`yin etdiyi əlamətlər necə idi və hansı mə`naya dəlalət edirdi?

3. Xəlil ibni Әhməd Fərahidini Әbul Әsvəd Duəlinin tə`yin etdiyi əlamətlərin şəklini dəyişməyə nə məcbur etdi?

4. «ناس» surəsini «Osman-Taha» xətti ilə yazılmış Qur`anın üzündən əvvəldən axıradək dəftərinizə köçürün.


[1] —Məsahif (Səcistani), Əl-möhkəm fi nöqətul məsahif (Əbu Əmr Osman ibni Sə`id Əddani), Əl-burhan fi ulumil-Qur`an c.1 (Zərkeşi), Əl-itqan (Cəlaləddin Süyuti), Dəlilul heyran əla movridiz-zəman, (İbrahim ibni Əhməd Əlmazğəni) Mənahilul irfan c.1 (Zərqani), Əttəmhidu fi ulumil Qur`an c.1, (Ayətullah Məhəmməd Hadi Mə`rifət), Tarixe Qur`ane Kərim (Doktor Höccəti).

[2] -Sureyi Yusuf, ayə 2

[3] -Üsuli-Kafi, c 2 s 614