QUR`AN XOŞBƏXTLİK PROQRAMIDIR!
Sahibimiz Uca Allah insanı yoxdan xəlq edərək onun kamala yetişməsi üçün lazım olan bütün şəraiti hazırlamışdır. Haq taala Bə`zən peyğəmbərlər və bə`zən də nazil olan səmavi kitabların vasitəsilə insanlara bu kamillik yolunu qət etmək üçün, kömək etmişdir. O, Peyğəmbərlərin sonuncusu Həzrət Məhəmməd (s) peyğəmbəri göndərmək və onun əbədi möcüzəsi, səmavi kitabların sonuncusu Qur`ani kərimi nazil etməklə insanlara dünya və axirət səadətini əldə etmək yollarını öyrətmişdir. Qur`ani Kərim İslam peyğəmbərinin əbədi mö`cüzəsidir. Bu müqəddəs kitabın mö`cüzəsinin necəliyi barəsində geniş mə`lumata sahib olmaq istəyənlər qur`anşünasliq sahəsində yazılan kitablara müraciət edə bilərlər. Bu mətində Qur`nın mö`cüzəli cəhətlərinin bir hissəsinə qismən də olsa toxunacaq imkan həddində onları izah etməyə çalışacağıq. Burada bəhs edəcəyimiz məsələ Qur`ani Kərimin fəsahət və bəlağətli olması haqqındadır. Bəlağət, kəlmənin zahiri gözəlliyi, fəsahət isə kəlmənin dərin mə`nalı olmasıdır. Qur`anın fəsih, yə`ni dərin mə`nalı, ilahi kəlam olduğuni və Allahın sonsuz elmindən qidalandığını nəzərə alsaq, onun insan üçün nə qədər faydalı və əhəmiyyətli olduğunu başa düşmək çətin deyildir. Dediklərimizə misal olaraq “Əbəsə“ surəsinin 24-cü ayəsindən əldə olunan əxlaqi, mə`nəvi və həm də cismimiz üçün faydalı məsələlərin bir qisiminə işarə edirik.
Allah taala qeyd etdiyimiz həmin ayədə belə buyurur:
فَلْيَنظُرِ الْإِنسَانُ إِلَى طَعَامِهِ
“İnsan öz yediyinə nəzər salsın!”
Hər şeydən öncə lazımdır ki, Allahın tə`kid etdiyi bu məsələyə diqqət yetirək və öz səadətimiz üçün ayədən əldə edilən məsələlərdən səmərəli istifadə edək.
İlk növbədə bu yeməyin hansı yolla (halal, yoxsa haram) ələ gəlməsinə diqqət yetirmək lazımdır. Əgər bu yemək yetim malıdırsa istifadəsindən çəkinmək lazımdır. Əks təqdirdə mal sahibi (yetim) yetkinlik çağına çatdıqdan sonra bu işdən xəbərdar olacaq və heç kəsə e`timad etməyəcəkdir. Yaxud, yemək, rüşvət, sələm və ya oğurluqla ələ gəlibsə, bu şəxs hər bir vasitə ilə necə deyərlər: öz ”kilimini sudan çıxartmaq” istəyəcək və bu yolla güzəranını “sahmana salmaq” üçün ticarət işlərində hərc-mərclik yaradacaq, bundan öz mənafeyi üçün istifadə edəcəkdir. Ən əsası budur ki, yetim malı qəsbkar şəxsin ruhunun günaha aludə olmasına gətirib çıxarır.
Artıq subut edilmişdir ki, insan yemək yeyərkən yeməyə baxaraq yeyərsə, yemək mə`dədə tez həzm olur. Pavlovun bir itin üzərində apardığı təcrübəni misal gətirmək olar. O, bir cərrahiyyə əməliyyatında hazırladığı yeməyi itə göstərmədən mə`dəsinə qoymuş və əməliyyat bitdikdən sonra müşahidə etmişdir ki, mə`dədə yeməyin həzm olunması üçün şirə ifraz olunmamışdır. Amma o yeməkdən bir miqdar itə göstərdikdən sonra mə`dəsində həzm prosesi başlamışdır. O, bu cür təcrübələrdən sonra belə nəticəyə gəlmişdir ki, yeməyi gözlə görmək yeməyin həzminə çox kömək edir.
Yemək zamanı başqa şeylərlə məşğul olmaq həzm prosesini çətinləşdirir. Çünki, bu vaxt şərti refleksiya düzgün baş vermir.
Əgər insan yeməyinə nəzər salıb diqqətli olarsa yemək zamanı meyvə çəyirdəyinin və ya tük kimi xəstəlik törədicilərin bədənə daxil olmasının qarşısını almış olar.
Süfrə başında öz yeməyimizə nəzər salaq ki, qonağımız utanmasın.
Yeməyinizə diqqət yetirin. Belə olmasın ki, siz yeməyin çoxluğundan hansını seçmək üçün tərəddüd etdiyiniz halda, qonşunuz yeməyin azlığından və ya heç olmamasından əziyyət çəkmiş olsun.
Yemək yediyimiz zaman onun bizə nə kimi xeyir və ya ziyan verəcəyinə diqqət yetirək.
Yeməyinizin nədən hazırlandığına diqqət edin. Yə`ni yeməyinizin keyfiyyətini işinizlə müqayisə edin. Yaxud bu yeməyin sizin orqaniziminizə uyğun olub olmamasına fikir verin.
Yemək yeyərkən öz yeməyinizə baxmaqla bu gözəl ne`mətlərin sizə kim tərəfindən və hansı hədəflə əta edildiyini fikirləşin. Aya bu ne`mətləri bizə bağışlayanın bir hədəfi varmı?!
Burada, Davud Peyğəmbərin bu əhvalatını gətirməyimiz yerinə düşərdi:
Bir gün Həzrəti Davud (ə) Allaha xitab edərək ərz edir:
Pərvərdigara! Cənnətdə mənim qonşum kim olacaq?
Allah taala belə cavab verir:
“Sabah şəhərin darvazasına tərəf get, orda bir odun satan kişi görəcəksən. O, sənin soruşduğun şəxsdir”
Davud (ə) oğlu Süleyman(ə) ilə birlikdə deyilən yerə gedir. Bir muddət keçdikdən sonra çiyinində odun gətirən kişini görüb, onunla tanış olurlar. Odunçu onları evinə də`vət edir. Əyləşib yemək yedikləri zaman, birdən odunçunun ağlamaq səsi ucalır. O, yeməyinə baxıb belə deyirdi:
Pərvərdigara, meşədə odunlar bitirən, mənə o odunları qırmaq üçün qüvvət verən, onları satmaq üçün mənə müştəri yetirən və mənə bu ne`mətlərdən istifadə etmək üçün qüdrət verən sənsən! Çox şükürlər olsun sənə ya Rəbb!
Davud (ə) özünü kişiyə tanıtdırır və oğlu Süleymana belə buyurur:
Bax, gör Allahın ne`mətinə şükr etmək insanı hansı məqamlara yüksəldir.
Allah taala bizləri ne`mətinə şükür edənlərdən və onlardan düzgün faydalananlardan qərar versin. Amin!
Qur`an Allahın kitabı, insanın mənəviyyatı və maddiyatı, bəşəriyyətin xilası, günahkarın ümidi və imanlının sevincidir. Qur`anın tə`limi, onun müqəddəs əhkamları pozulmazdır, qərarları dəyişilməzdir. Qur`anda deyilən hər şey həqiqətdir.
Müdriklik axtarırsınızsa Qur`anı oxuyun, xilas yolu tapmaq istəyirsinizsə Qur`anla yaşayın və heç vaxt ondan ayırılmayın, budur əsl həyat!
Allahın kəlamı səfərə çıxanın azuqəsi, ziyarətçinin pənahı, döyüşçünün silahı, müsəlmanın şüarıdır.
Qur`an hərflər şəklinə salınaraq yer üzünə endirilmişdir – insanlara səadət və xoşbəxtlik yolunu göstərmək üçün.
Qur`anın ayələri yaddaşımıza həkk olunmalıdır. Allahın müqəddəs kəlamı qəlbimizi idarə etməlidir. Daima Quran oxuyaraq düşünün, bu sizin həyatınızı
dəyişdirəcək, çiçəkləndirəcək.
Qur`an başqa şeylərlə müqayisə edilməz zirvədə qərar tutur. O, tükənməz bir xəzinədir. O, kəlamlarının aydınlığı, dolğunluğu ilə bütün səmavi və məkani kitablardan öndə gedir. Bu Qur`andır. Onu oxuyun. Onun haqqında fikirləşin. Onu
gündəlik yaşayışınızda örnək qərar verin. Onu uca tutun – o sizi ucaldacaq.
Mə`nəvi böhranlarınızı ona söyləyin-cavabını deyəcək.
Əgər əsarət zəncirlərini qırmaq, insaniyyət dünyasının nurlu səmasına pərvaz etmək istəyirsənsə səmadan gələnlə dost olmalısan – o, Qur`andır.
Bəşəriyyətin nicatı Qurandır! Müsəlmanın kitabı Qur`andır! Qur`andır möminin dayağı! Qur`andır ariflərin münacatı! Qur`anın sözləri həqiqətdir və Qur`an həmişə yaşardır!
Bəli, bu Qur`ani- Kərimdir, Qur`ani- Məciddir, Qur`ani- Şərifdir, fərq etməz. Əsas
budur ki, biz müsəlmanların həqiqi rəhbəridir; gözümüzün nuru, evimizin çırağı, baş ucalığımızdır.
Şükür Allahın saysız-hesabsız nemətlərinə!